Psychologist In Baku – Ulker Isayeva

Hope you enjoy my blog!

Ziqmund Freyd – Bildiklərimiz və bilmədiklərimiz.

1 Comment

Psixologiya insan davranışını və mental prosesləri (zehni pro­ses­ləri) öyrənən elmdir. Psixologiya elmi bir neçə qollara ayrılır. Bun­lara misal olaraq bioloji psixologiya, koqnitiv psixologiya, dav­ra­nış psixologiyası, inkişaf psixologiyası, sosyal psixologiya, kli­ni­ki psixo­lo­giya, təhsil psixologiyası və s. sahələrin adlarını çəkmək olar. Psixologiya elmi ilkin mərhə­lə­də fəlsəfə və biologiya elmlə­rin­dən inkişaf etmişdir. Psixologiya barəsində müzakirə­lər yunan fi­losofları Aristotel və Sokratın düşüncələrində belə nəzərə çarpır. Psi­xologiya sözü yunancadan – “Psixe” sözündən götürülmüş, “ruh” və ya “zehn” deməkdir. Aristotel, dünyada ilk psixoloji kitab sa­­yı­­lan “Para Psixe” (“zehn və ya ruh haq­qın­da”) kitabının müəllifi olmuşdur. Bu kitabda müasir psixologi­ya­nın əsasında duran başlıca fikirlərə rast gəlmək olar.

Psixologiya elmi, ilk dəfə Wilhelm Wundt və William James-in ayrı-ayrı məkanlarda, amma eyni zamanda, 1875-ci il­də ilk psixoloji laboratoriyalar ya­rat­dıqları vaxtdan etibarən bir eks­peri­mental elm olaraq qəbul edil­mə­yə başlamışdır. Wilhelm Wundt hiss etmə və qavrama duy­ğu­la­rı­nı nümayiş etdirmək üçün Almani­ya­­nın Leypsiq Universitetində (University of Leipzig), William James isə eyni ildə bənzər eksperimental psixoloji laboratoriyanı Harvard Universitetində yaratmışdır. Bundan sonra bir sıra psixo­loq­lar elmi tədqiqat mövzusu olaraq insanın şüurunu və mental proseslərini öy­rən­məyə başlamışlar.

Lakin Ziqmund Freydə (Sigmund Freud) qədər heç bir psi­xo­­loq insanın şüurundan xaricə çıxmağa cəhd göstər­məmişdi. Freyd in­sanın şüuraltını öyrənməklə “Psixoanaliz” adlanan anlayışı yara­dır. “Psixoanaliz” sözü çox vaxt “psixologiya, psixo­tera­pi­ya, psi­xia­t­riya” anlayışları ilə qarşılaşdırılır və hətta səhv salı­nır. Halbuki, bunlar bir-birindən tamamilə fərqli anal­yış­lar­dır. Psixoanaliz psi­xo­te­rapiyaya yanaşma növüdür. Psixo­a­na­liz­dən əlavə psixo­te­ra­­pi­ya­ya başqa yanaşmalar da mövcuddur və bun­la­ra, koqnitiv yanaş­ma, sosial yanaşma, davranış yanaşması, huma­nist yanaşma, koq­ni­­tiv-davranış yanaşması və başqaları aiddir. Müa­­sir psixologiyada terapevtlərin istifadə etdikləri iki ən böyük te­ra­piya növü koqnitiv-davranış terapiyası (Cognitive-beha­vio­ral therapy) və psixoanalizdir. Freydin psixologiya elminə gös­tər­diyi tə­si­ri ilk növbədə burada görmək olar. Onun yarat­dı­ğı cərəyan bir əsrdən çoxdur ki, psixologiyada, o cümlədən müasir psixologiyada geniş is­ti­fa­də olunur və demək olar ki, hələ də psixologiyanın ilk sıralarında yer almaqdadır.

Ziqmund Freyd 1856-ci il mayın 6-da indiki Çex Respublika­sı­­­nın ərazisində yerləşən, o vaxtlar isə Avstriya-Macarıstan impe­ri­ya­sı­nın bir hissəsi olan Freiburg-da anadan olmuşdur. Ortayaşlı yəhudi yun tacirinin özündən iyirmi yaş kiçik qadınla olan ikinci evlili­yin­dən dünyaya gələn Ziqmund 4-5 yaşında ailəsi ilə bərabər Vyanaya köçmüşdür. Demək olar ki, həyatının çox böyük hissəsini bu şəhər­də keçirmişdir. Səkkiz uşaqdan ibarət böyük ailənin üzvü olan Ziqmund digər qardaş-bacılarından öz istedadı, bacarığı və iti ağlı ilə həmişə fərqlənirdi. Bu səbəbdən valideynləri onu başqa uşaqlardan ayıraraq, oxumaq üçün ona daha yaxşı şərait yaradırdılar. Hətta digər uşaqlar şam işığında dərs oxuduqları zaman, Ziqmunda nöyüt lampası işığında oxumaq şəraiti də yaradılırdı.  1938-ci ildə Ziqmund yəhudi olduğu üçün Vyananı tərk et­mə­­k məcburiyyətində qalmış və Londona yerləşmişdir. Burada da bir il yaşadıqdan sonra 1939-cu ilin sentyabrında uzun illər mübari­zə apardığı xərçəng xəstəliyindən vəfat etmişdir.

O vaxtlar, tibb və hüquq peşələri yahudilər üçün əsas peşə növü sayılırdı; 1873-cü ildə –on yeddi yaşında Freyd Vyana Universitetinin tibb fakültəsinə daxil olmuşdu. Lakin 1881-ci ilə qədər o, buradan məzun olmamışdır. Buna səbəb onun 1876-cı ildən 1882-ci ilə qədər Er­nest Brukenin (Er­nest Brucke) Fiziologiya İnstitutunda elmi təd­qi­qatla məşğul olmasıdır. Ümumiyyətlə, Ernest Brukenin baxışları, nöqteyi-nəzəri Freydin düşüncə tərzinə çox təsir etmişdi. Bruke və onun ətrafında cəm olan tədqiqatçılar özlərini əsasən o zamanlar qəbul edilməyən bir ideyaya həsr etmişdilər. Onlar dünyada baş verən bütün vacib pro­ses­lərin fizika və kimya elmləri vasitəsilə izah edilə biləcəyini dü­şü­nür, nəticədə biologiya elmini bütün dini fikirlərdən və ya təsirlərdən uzaqlaş­dı­rır­dılar. Freyd həyatının axırına qədər bu fikrə sadiq qalmışdır, yəni bütün vacib proseslərin, eləcə də, düşüncə, hisslər, fantaziyalar və baş­qa psixoloji hadisələrin də səbəb və nəticə (cause and effect) prin­­sipi ilə müəyyən olunduğunu düşünmüşdür.

Qeyd etdiyimiz kimi, Freyd daxil olduğu Vyana Universitetinin tibb fakültəsini ancaq səkkiz ildən sonra bitirmişdir. Bunun əsas səbəbi Freydin praktiki tibbdən daha çox elmi tədqiqatla maraqlanması idi və o, həyatının sonuna qədər tədqiqatla məşğul olmağın daha maraqlı olduğunu düşünürdü. Ancaq 1882-ci ildə öz gələcək həyat yoldaşı Martha Bernays ilə tanış olub, onu sevəndən sonra, ilk vaxtlar Ernest Brukenin labo­ra­to­riyasında qalıb tədqiqatla məşğul olsa, ailəsini dolandıra bilməyə­cə­­­yi­ni anladı və çox həvəssiz olsa da, tədqiqatı buraxıb növ­bə­ti üç il­də Vyana Hospitalında tibbi praktika ilə məşğul olmuşdur. 1886-cı ildə Martha ilə evləndi və yarım əsrdən çox onunla birlikdə həyat sürdü. Onların üç qızı və üç oğlu dunyaya gəldi. Kiçik qızı Anna isə atasının yolunu davam etdirdi və uşaq psixoanalizi adlanan sahənin məşhur alimlərindən biri oldu.

1885-ci ildə Freyd qazandığı dövlət qrantı vasitəsilə altı aylığına Parisə getmiş və dönəmin məşhur neyroloqlarından olan Jean Mar­tin Charcot-nun Salpetriere Neyrologiya Kli­ni­ka­sın­da təhsil almağa haqq qazanmışdır. Charcot isteriya, afazia və hipnoz möv­­­zularında ilkin çalışmaları ilə bütün Avropada məşhur ol­muş­dur. XIX əsrdə isteriya xəstəliyi beyin, sinir sistemi zədələ­nməsi və ya başqa bioloji səbəblərlə izah edilmir, iflic, nitq anormallığı, yad­daş pozulması, ürək bulanması, qusma, xəyalgörmə, huşunu itir­mə ki­mi simptomların mövcud olduğu xəstəlik kimi tanınırdı. Be­lə bir cid­­di xəstəliyə tutulan xəstələri yaxşılaşdırıb, sağalda bilən və bu sahədə maraqlı elmi tədqiqatları olan alim kimi Charcot nevro­lo­gi­­yada, demək olar ki, inqilab yaratmışdır. Müasir psixiat­ri­yada is­te­riya xəstəliyi artıq mövcud deyil, indi artıq bu simptomları daşı­yan xəstələrə daha çox həyəcan anormallığı, depressiya, somatiza­si­ya kimi diaqnozlar qoyulur.

Təbii ki, Charcot-nun yanında çalışdığı bu dövrlər Freydin psixolo­gi­yaya marağını daha da artırmış və onun gələcəkdə psixoanalizlə məş­ğul olmağına təsir etmişdir. Vyanaya döndükdən sonra Freyd Pa­risdə üzərində çalışmış olduğu isteriya və hipnoz mövzularında seminarlarda çıxışlar etmiş və bu seminarların Vyana psixiatriya çevrəsində çox da anlayışla qarşılanmadığını görmüşdür. O dövrün Vyana psi­xiatriya və nevrologiya çevrəsi Charcot-nun xəstələrlə apardığı prak­tiki tədqiqatlarının nəticələrinin həddindən artıq qabardılmış və şişirdilmiş olduğunu düşünür və bunları ciddi qəbul etmirdilər. Hət­ta onu şarlatan adlandırırdılar. Təbii ki, Freyd bu reaksiyaları gör­dük­dən sonra çox məyus olmuş və 1886-cı ildə şəxsi tibbi mərkə­zi­ni açıb bir müddət burada yəhudi həkim dostu Joseph Broyer-in göndərdiyi isteriya xəstələri ilə məşğul olmağa baş­­lamışdır. Ümumiyyətlə, Broyer Freydin həyatında atalıq rolunu üzərinə götürmüş, ona həmişə maddi və mənəvi yardım göstər­miş­dir. 1895-ci ildə Ziq­mund Freyd və Joseph Broyer birlikdə “Iste­riya üzə­rin­də çalışmalar” adlı kitab da nəşr etdirmişlər. Deyirlər ki, Broyer ilə Freydin münasibətləri təxminən bu kitabın nəşr olduğu zamanda soyumağa başladı. Bu iki dostun və məsləkdaşın hansı səbəblərdən düşmən olduqlarını indiyə qədər aşkar olunmamışdır. Freydin bioqrafiyasını yazan Ernest Jones-un  yazdıqlarına əsasən Broyer Freydin bəzi fikirləri ili xüsusən də, isteriya xəstəliyinin kökündə seksual səbəblərin böyük rol oynaması ilə qətiyyən razılaşmırdı. Ancaq bu dəqiq səbəb kimi qəbul olunmamışdır. Səbəbin nə olduğunu dəqiq bilməsək də, bu iki insanın həyatlarının axırına qədər bir daha dost kimi görüşmədikləri məlumdur.

Freydin ilk nəşr olun­muş işi olan “Afazya haqqında” isə 1891-ci ildə işıq üzü görmüşdü. Bu yazıda neyroloji xəstəlik olan afazya haqqında danı­şılır və ümumiyyətlə, normal və xəstə insanların nitq funksiyasının nev­ropsixoloji modeli təqdim olunur. Afaziya xəstəliyinə tutulan za­man insan bəzi sözlərin tələffüzündə və ümumi əşyaların adının çə­kil­məsində çətinlik çəkir.

1896-cı ilə qədər Freyd nevrotik xəstələrin müalicəsində Parisdə Charcot-dan öyrəndiyi hipnozdan istifadə etməyə davam etdi. Ancaq bir müddət sonra başqalarından fərqli olaraq, o, hipnozu insana müs­­bət sağlamlıq məsləhətləri aşılamaq üçün yox, Broyerlə bir­lik­də kəşf etdikləri “katarsiz” metodu üçün istifadə etməyə başladı. Katarsiz effekti ilk dəfə Broyerlə Freydin müalicə etdikləri Anna­nın hipnozu zaman kəşf olunmuşdur. Anna iyirmi bir yaşında idi və uzun zaman vaxtının böyük hissəsini xəstə atasına baxmaqla ke­çir­mişdi. Atasının ölümündən sonra Anna yeməkdən tamamilə im­ti­na etmiş, əlləri və ayaqları bir qədər iflic olmuş və onda qeyri-iradi spazmalar, hallüsinasiyalar əmələ gəlməyə başlamışdı. Əgər Anna hansısa bir isterik simptomunun ilk dəfə meydana gəl­di­yi anı xatırlaya və hipnoz vasitəsilə eyni emosiyaları yenidən ya­şaya bilirdisə, bunun nəticəsində həmin simptomlar tamamilə yox olurdu. Bu təcrübədən sonra Annanın üzərində tətbiq olunan və ef­fektiv nəticələr göstərən metoda katarsiz (Yunancadan tərcümədə – “təmizləmə”) adı verildi. Bundan sonra hipnoz xəstəyə ha­nsısa simptomların unudulmuş hissələrini və ya mənbələrini xa­tır­latmaq üçün istifadə etməyə başlamışlar.

Freyd müasir dövrdə insan şöhrətpərəstliyinə, məğrurluğuna, insanın məskən saldığı Yer kürəsinin kainatda, insanın özünün isə bütün canlılar arasında mənşəcə çox fərqli, əlahiddə olduğu barədə dünyada hakim olan fikirlərə güclü zərbə endi­rən nəzəriyyələrin baniləri kimi qəbul olunan Kopernik və Darvin kimi alimlərin sırasında yer alır. Nikolay Kopernik o zamanlar hökm sürən düşüncənin, yəni yer kürəsinin və nəticə etibarı ilə in­san­ların astroloji kainatın mərkəzində olmadığını sübut etmişdir. Çarlz Darvin isə özünün təkamül nəzəriyyəsi ilə insanların da müəyyən bir heyvan cinsinə aid olduqlarına dair fikir irəli sürmüş və nəticədə insanların bioloji kainatın mərkəzində ol­ma­dıqlarını nümayiş etdirmişdir. Freyd, öz növbəsində, dəliliklə sağlam fikirli­li­yin, sağlam düşüncənin arasındakı sərhəddi yıxıb, bunların dəyişkən olduğunu və hər an bir-birinin yerini ala biləcəyini bizə isbat edib. İn­sanlar həmişə düşünürdülər ki, onların şüuru hər şeyi müəyyən edir, şüurundan agah olan insan öz psixoloji vəziyyətinin kontro­lu­nu, nəzarətini ələ keçirə bilər. Lakin Freyd bu fikirlərə qarşı çıxıb insanın şüuraltının nə qədər vacib olduğunu və insan psixologiyası ilə nə cür oyunlar oynaya bildiyini göstərib. Bununla da insan şüu­ru­­nun psixoloji kainatın mərkəzində olmadıgını sübut etmişdir.

Freydin nəzəriyyələri öz başlanğıcını XIX əsrin biologiya və fizika nəzəriyyələrindən, xüsusilə də, alman fiziki Hermann von Helmholtz-un enerjinin saxlanması və çevrilməsi qanunundan götü­rüb. Bu nəzəriyyə göstərir ki, enerji məhv edilə bilməz, o ancaq bir haldan başqa hala keçirilə bilər. Bundan təsirlənərək, Freyd dina­mik psixologiyanı yaratmışdır. Burada deyilir ki, psixoloji meyl­lərin, arzuların qabağı alınanda, onlar qadağan ediləndə və ya şüur­dan zorla çıxarılanda, onların enerjisi hansısa başqa bir yerdə mütləq üzə çıxır.

Freydin ən vacib nəzəriyyələrinin əsasında duran ən yaddaqalan və həlledici ən vacib anlayışlardan biri “şüu­r­al­tı” anlayışıdır. Şüuraltı anlayışı Freydin çalışmalarının əvvəlindən nəzərə çarpırdı, ancaq onun bu mövzu ilə əlaqədar ətraflı incələmə­lə­rini 1915-ci ildə nəşr olunan “Şüuraltının varlığı və bunun sübut­la­rı” adlı məqaləsində daha ətraflı və daha dərindən görə bilərik. Təbii ki, Freyd şüuraltı anlayışı­nın tam olaraq yaradıcısı sayıla bilməz, lakin şübhəsiz ki, o, bu ide­ya­nın dərindən öyrənilməsində və tanınmasında fundamental rol oy­na­­mışdır. Freyd basdırılmış, fəal yaddaşdan çıxmış fikirlərin şüuraltına itələndiyini və şüur­dan beləcə uzaqlaşdırıldığını iddia edirdi. Bəs şüuraltının varlı­ğın­dan necə əmin ola bilərik? Freydin fikrincə, ən yaxşı sübut, ha­mı­mı­zın günlük həyatımızda yaşadığımız, ağlımıza anidən gələn və başlanğıcını haradan götürdüyünü bilmədiyimiz düşüncələrin mövcudluğudur. Şüu­­ru­muz, adətən, müəyyən hüdudlar daxilində, sərhədli bir qavramaya və düşüncəyə sahibdir. Bu­na görə, əsas duyğu, istək, arzu, həsəd, hirs və qəzəblərimiz şüu­ru­muzun xaricində, yəni şüuraltında yığılır. Hipnoz deyə adlan­dır­dı­ğımız, bir çox psixoloji xəstəliklərin mualicəsində istifadə etdiyi­miz terapiya metodu da şüuraltının üzə çıxarılması ilə əlaqədar­dır. Yuxular və dil çaşmaları, sürüşmələri (yəni insanın çaşıb bir söz yerinə ta­ma­mən başqa söz deməsi) də şüurun agah olmadığı duyğuları və ha­disələri gün işığına çıxarır və bunlar da şüuraltının varlığının sü­bu­tudur. 1901-ci ildə nəşr etdirdiyi “Gündəlik yaşamın psixopatologiyası” əsərində o dil sürüşmələrinin və ya “Freyd sürüşməsi”nin  (ingilis di­lin­də –Freudian slip) heç də təsadüfi olmayıb şüuraltını ifadə etdirdiyini bildirib.

Yuxarıda qeyd etdiyim kimi, Freyd 1896-cı ilə qədər öz müali­cə­­­lərində hipnozdan istifadə etmişdir. Lakin bu dövrdən sonra o, azad çağırış (free association) deyilən metoda üstünlük verməyə baş­lamışdır. Bü üsul pasientin divanın üzərində uzanıb hansıza bir mövzu ətrafında (onu narahat edən fikirlər, hadisələr, yuxu parçası və s.) nə qədər utanc verici, ağılsız, lazımsız və ya qəbul edilməyən ol­­­masına baxmayaraq, ağlına gələn bütün sözləri, düşüncələri, fan­tazi­yaları ucadan deməsindən ibarətdir. Bu yolla xəstənin travmatik yaşantıları, basdırılan xatirələri, həyəcan yaşadan fikirləri, şüuraltı toq­quşmaları və s. üzə çıxa bilir. Həmçinin, bu üsul xəstənin hiss­lə­rinin, heç kimə söyləyə bilmədiyi fikirlərinin boşalmasına (“ürəyini boşaltması”na), onlar­dan azad olmağa gətirib çixarır.

Əgər xəstə divanda uzanıb “azad çağırış” üsulundan istifadə edir­­sə, o vaxtaşırı psixoanalitikinə öz yuxuları barədə də danışır. Yu­xular barədə Freyddən əvvəl də, hələ qədim zamanlardan bəri, Şərqdə və Qərbdə geniş materialın, nəzəriyyələrin olmasına baxmayaraq, o, bu nəzəriyyələrin hamısını öyrənib onları bir yerə toplamaqla, özünəməxsus yuxu və yuxuyozma nəzəriyyə­lə­rini yaratmaqla məhşur olmuşdur. Freydin “Yuxuların şərh edil­məsi” kitabı ilk dəfə 1899-cu ilin noyabr ayında nəşr edilmişdir. Freydin fikrincə yuxular, kiçik istisnaları nəzərə almasaq, basdı­rıl­mış ar­zu­ların ört-basdır edilmiş, hallusinasiya formasına keçirilmiş ifa­də­sidir. O, həm də, yuxuların sadəcə indiki arzuların yox, hətta er­kən uşaqlıq dövründən qalan və həyata keçirilməyən arzuların da ifadəsi ola bildiyini qeyd etmişdir. 600 nüsxədə çap olunan “Yuxuların şərh edilməsi” kitabının satılıb qurtarması üçün o vaxtlar 8 il tələb olundu. Bizim vaxtımızda isə Qərbdə hər ay ərzində eyni sayda nüsxənin satılması baş verir.

1908-ci ildə Saltsburg-da keçirilən Beynəlxalq Psixoanalitik Konqresə qədər Freydin fəaliyyətinə lazımi qədər əhəmiyyət verilmirdi. Freydin dünyada tanınması 1909-cu ildə ABŞ-da verdiyi bir sıra mühazirələr və onların 1916-cı ildə “Psixoanaliz Mövzusunda Beş Mühazirə” kitabında nəşr olunması ilə daha da artdı. Bu andan etibarən Freydin şöhrəti gündən-günə böyüməyə başladı və o, həyatının son günlərinə qədər daim yazmağa davam etdi.

Freydi məşhurlaşdıran işlərindən biri, onun insan əqlinin to­po­qrafik modelini təqdim etməsidir. O, insanın zehninin topoqrafik mo­delinin üç qatdan ibarət olduğunu söyləmişdir. O, insan zehnini aysberqə oxşatmış, aysberqin suyun uzərində görünən ən kiçik his­sə­sini insanın şüuruna bənzətmişdir. Suyun altında görə bildiyimiz o digər kiçik hissəni insanın şüur öncəsindən gələn bir hissəyə bə­ra­bər tutmuşdur. Ən əsası, təbii ki, aysberqin görə bilmədiyimiz, su­yun altında yerləşən ən böyük hissəsini isə insanın şüuraltına bən­zətmişdir. Şüur öncəsi, repressiyaya, basdırılmaya uğramamış, hər an şüura geri gətirilmə şansı olan, zehinsəl materialın yerləşdiyi bölgədir. Bundan fərqli olaraq şüuraltını sadəcə istəyərək, üzə çı­xart­maq o qədər də asan deyil. Freydin təqdim etdiyi psixoanaliz və ya psixoanalitik terapiya, əsasən insanın şüuraltını araşdırır və şüu­r­altında olan basdırılmış istəkləri, qorxuları və başqa hissləri üzə çı­xartmaqla insanın anlamadığı bir çox şeyi aydınlaşdırır.

Zigmund Freyd sonralar zehnin topoqrafik modelinin insan şəx­siy­yətini başa salmaq üçün çox bəsit olduğunu anlamış və onu biraz da təkmilləşdirərək insan şəxsiyyətinin quruluş modelini yaratmış­dır. Psixoanalitik nəzəriyyəyə əsasən şəxsiyyət üç hissədən ibarət­dir. Bunlara İd, EqoSupereqo aiddir.

Bu üç mexanizm bir yerdə, qarşılıqlı iş görür və mürəkkəb insan dav­ranışını ortaya çıxarır. Freydin nəzəriyyəsinə əsasən biz ana­dan olanda şəxsiyyətimizin ancaq İd hissəsi mövcud olur. İd mexanizmi “zövq prinsipinə” (burada başlıca olaraq heyvan instinktləri ilə ox­şar olan cinsi həvəs təzahürləri nəzərdə tutulur) əsasən iş görür. Zövq prinsipi bütün istək, arzu və tələbatın bilavasitə yerinə yetiril­mə­sinə çalışır. Uşaq ac olduğu zaman və ya altının dəyişdirilməsi vaxtı gəldiyi zaman İd özünü biruzə verir və uşaq onun tələbatları qarşılanmayana qədər ağlamağa davam edir. İd reallıqla və ya baş­qa­­larının tələbatları ilə maraqlanmır, ancaq öz mənafeyini güdür, özü­nün ehtiyaclarını təmin etməklə məşğul olur.

Növbəti üç ildə, uşaq ətraf mühitlə əlaqəyə girəndən sonra şəx­siyyətin ikinci hissəsi olan Eqo formalaşmağa başlayır. Eqo İddən fərq­li olaraq zövq prinsipinə deyil, daha çox “reallıq prinsipinə” (cəmiyyətin tələblərinə əsasən İddən yaranan həvəsləri boğmaq zə­ru­rətinə) tabedir. Eqo anlayır ki, insanın və cəmiyyətin başqa tələ­bat­ları, arzuları və yerinə yetirməli olduğu şərtləri var və buna görə də, ancaq ilkin istəklərinə əsasən davranmaq insana zərər yetirə bi­lər. Yəni Eqo həm şüur, həm şüur öncəsi, həm də şüuraltı zehndə eyni dərəcədə fəaliyyət göstərir. Reallıq prinsipi bəlli bir hərəkətin ziyanını və xeyirini ölçüb-biçir və ancaq bundan sonra o hərəkəti et­mək və ya etməmək barəsində qərara gəlir. İdin impulsları, meyl­lə­ri Eqo tərəfindən artıq avtomatlaşmış şəkildə deyil, tədricən və bunun üçün uyğun yer və zaman tapı­lan­dan sonra yerinə yetirilir.

Beş yaş ətrafında insanın şəxsiyyətinin üçüncü hissəsi olan Supere­qo da formalaşır. Supereqo ailəmizdən və cəmiyyətdən öyrəndiyi­miz bütün mənəvi dəyərlərimizin, standartlarımızın və idealları­mı­zın cəmləşdiyi hissədir. Freyd bizə yanlışla doğrunun arasındakı fər­qi göstərdiyi üçün Supereqonu insanın vicdanına bənzədir. Frey­də əsasən psixoloji cəhətdən sağlam insanda Eqo digər şəxsiyyət formalarından daha güclü olmalıdır. Çünki Eqo güclü olarsa, o həm İdin tələbatlarını gec də olsa, təmin edər, həm də reallığı nəzərə ala­raq Supereqonu da məyus etməz.

Ziqmund Freyd bütün insan davranışının fiziki ehtiyacların ney­roloji göstəricisi saydığı instinktlərdən və enerjidən əsaslan­dı­ğı­nı düşünürdü. Bu enerjinin əsasında insan əqlinin hərəkətverici qüv­və­si sayılan libido durur. Freydin ilk yazılarında libido deyilən enerjinin seksual ağırlıq daşımasına baxmayaraq, sonralar etdiyi dəyişikliklərə əsasən libido özündə həm yaşam, həm də ölüm ins­tinktlərini daşıyan bir enerjidir. Bu enerji qaynağını İddən alıb, bü­tün düşüncə proseslərini, qavramanı, təsəvvürü, yaddaşı və sek­sual meylləri əhatə edir. Sonralar Yunq libido sözünün mənasını daha da genişləndirib, ona hər cür bioloji, ictimai, mədəni, yaradıcı, cinsi faktorlara təkan verən enerji mənasını vermişdir.

Şəxsiyyətin formalaşmasından əlavə Freyd insanın həyatın bi­rinci beş ilində başqa mərhələlərdən keçdiyinə də inanırdı. Freyd bu mərhələlərə geniş seksual və ya cinsi önəm verib onları insanın psi­xoseksual inkişaf mərhələləri adlandırmışdır. Hər mərhələdə in­sa­nın məmnunluq, ləzzət axtaran impulsları bədənin hansısa erogen zonasını seçir, təsbit edir və bu bədən hissəsi ilə əlaqədar fəaliyyətə qo­şu­lur. Onun fikrincə, bu yaşlarda yaşanan həyat təcrübələri insanın şəx­siyyətinin formalaşmasında mühüm rol oynayır və bütün həyat bo­yu insanın davranışına təsir göstərir. Freydin bu nəzəriyyəsini onun ən çox tanınan və ən çox ziddiyət yaradan nəzəriyyəsi adlan­dır­maq olar.

Bu nəzəriyyəyə əsasən uşağın hər inkişaf mərhələsində öz tələ­batları və ehtiyacları vardır. Bu ehtiyaclar qarşılanmayanda uşaq bir mərhələdə ilişib qalır (fiksasiya baş verir) və sonrakı mərhələlərdə inkişaf etmək onun üçün daha da çətinləşir. Bir mərhələdə qarşılanmayan ehti­yac­lar həmin mərhələdə yaranan fiksasiya ilə nəticələnir və Freydin fikrincə, bu fiksasiya sonralar insan böyüdükcə və inkişaf etdikcə onun şəxsiyyətinin formalaşmasında mütləq üzə çıxır. Psixoseksual inkişaf mərhələlərində birinci mərhələ oral dönəm adlanır və təbii ki, bu dönəm ağızla əlaqədar olur. Bu dönəmdə uşaqlar yemək ye­məyi, süd əmməyi və əllərini atdıqları hər şeyi ağızlarına qoymağı oyrənirlər. Bu dönəmdə yaranan fiksasiyalar gələcəkdə içki içmə, si­qaret çəkmə, yemək yemə anormallıqları və ya dırnağını yemə ki­mi problemlər yarada bilər. Bu dönəmdə uşaq anasından asılı oldu­ğu üçün güvən və asılılıq kimi hissləri öyrənir.

İkinci mərhələ iki-üç yaş arası baş verir və anal dönəm adlanır. Bu dönəmdə uşaqlar tualet təli­mini öyrənirlər və bunun nəticəsində onlar nəzarət, müstəqillik və nailiyyət kimi hisslərlə tanış olurlar. Üçün­cü mərhələ üç-altı yaş aralarında olur, fallik dönəm adlanır və bu­­rada əsas zona insanın cinsiyyət orqanları olur. Bu dönəmdə uşaq­lar kişi ilə qadının fərqini yavaş-yavaş anlamağa başlayırlar. Freydin fikrincə, bu dönəmdə oğlan uşaqları atalarını analarının sevgisinə qısqanmağa başlayır və bu nəzəriyyə yunan əfsanəsindən bəhrələnərək, “Edip kompleksi” adını alır. Sofoklun bu əfsanəsində valideynləri tərəfindən atılan və onları tanımayan Edip adlı bir gənc krallığı ələ keçirmək üçün xəbəri olmadan atasını öldürüb öz anası ilə evlənir. Edip kompleksi Freydin nəzəriyyəsinə əsasən uşaqların ey­ni cinsdən olan valideyninə qarşı şüuraltı rəqiblik hissi və əks cins­dən olan valideyninə qarşı şüuraltı romantik duyğular hiss etmə­si­dir. Ancaq eyni zamanda, uşaq atasından cəzalandırılacağı üçün qor­xur, Freydin sözləri ilə desək, “kastrasiya həyəcanı” yaşayır və buna görə də, bu impulsları şüuraltına basdırır. O, həm də iddia edirdi ki, bu dönəmdə qız uşaqları kişilərin cinsiyyət orqanlarına həsəd aparırlar. Bu ideya o dövrdə qadınları Freydə qarşı çox qə­zəb­ləndirmişdi. Hətta bir feminist psixoloq qadın Karen Horney bu nəzəriyyəni rədd edib, onu qeyri-dəqiq və qadınlara qarşı alçaldıcı adlandırmışdır. Və bu fikrin əksinə Horney iddia edirdi ki, kişilər özlərini qadınlardan hər cəhətdən daha aşağı hiss edirlər. Çünki qadınlardan fərqli olaraq kişilər dünyaya uşaq gətirə bilmirlər.

Dördüncü mərhələ altı yaşından on üç-on dörd yaşına qədər da­vam edir və gizlilik dönəmi adlanır. Bu dönəmdə sakitlik dövrü ya­şa­nır. Uşaqlar daha çox məktəblə məşğul olur, dostluqlar qurur, hob­bilərlə maraqlanırlar.

Psixoseksual inkişaf mərhələləri nəzəriy­yə­sində son dönəm sa­yı­lan beşinci mərhələ isə genital dönəm adlanır və bu dönəm ər­zin­də uşaqlar artıq gerçək cinsi əlaqələri anlayır və onlarda əks cinsə qarşı normal, şüurlu seksual maraqlar oyanmağa başlayır.

Nəzərdən keçirtdiyimiz nəzəriyyələr Freydin psixologiyaya verdiyi töhfələrin ki­çik bir hissəsi olmasına baxmayaraq, demək olar ki, ən vacib olan və cə­miy­yətə çox təsir göstərən məhz onlar idi. Freydin nəzəriyyələrini və düşüncələrini ilk növbədə onun öz tələbələri –Carl Jung və Alf­red Adler tənqid etməyə başladılar. Ziqmund Freydin düşün­cə­ləri­nin tənqidə məruz qalan əsas xüsusiyyəti o idi ki, onun irəli sürdüyü bir çox maraqlı psixoloji məsələlər diqqəti cəlb etsə də, Freyd onları elmi cəhətdən izah edə bilmədi. Freyddən iyirmi yaş kiçik olan Carl Jung onun ən yaxın dostlarından və ən parlaq tələbələrindən biri idi. Onların bir-birinə yazdıqları çoxsaylı məktubları tarixdə qalmışdır. Bu məktublardan bəlli olur ki, əvvəllər onlar bir çox ideyanı paylaşsalar da, bir çox məsələlərdə ümumi fikrə gəlsələr də, sonralar şüuraltı mövzusunda bəzi məsələlərdə razı­laş­madıqları üçün onların yolları ayrılıb. Jung Freydin ancaq bas­dırılmış, uzaqlaşdırılmış fikirləri gördüyü üçün pessimist olduğunu düşünüb. Freyddən fərqli olaraq, Yunq şüuraltının daha böyük şey­lə­rə qadir olduğunu düşünüb. Məsələn, Yunqun fikrincə şüuraltı­nın yaratmaq və təsəvvür etmək kimi qabilliyyətləri var. Freydin yaşa dolduğu və kar­yerasının sonuna yaxın, qatı düşmən olduqlarına baxmayaraq, Jung-un ideyalarının çoxunun Freyddən təsirləndiyini inkar etmək müm­­kün deyil.

Bəzi insanların fikrincə, Freydin qeyri-adi düşüncələrinin əsa­sın­da onun kokain adlanan psixotrop maddədən istifadə etməsi du­rur. Bildiyimiz kimi, o dövrdə kokain qanunla qadağan olun­muş bir maddə hesab olunmurdu. Çünki o zamanlar kokainin ziyanı elə də aşkar olunmamışdı. Kokain mərkəzi sinir sistemini aktivləşdirir. Yəni enerji, xoşbəxtlik və güc verir, insanın yuxusunu və iştahını azal­dır, eyforiya hissini oyadır, özünə güvən və yaradıcılığı artırır. Buna görə də, Freyd kokaindən depressiyanın öhdəsindən gəlmək və özünü rahat hiss etmək üçün istifadə edirdi. Hətta kokain haq­qın­da yazısında, kokainin möcüzəvi, müalicəvi dərman olduğunu belə söyləmişdi. O, kokainlə bir çox təcrübələr etmiş və hətta öz ni­şanlısına və dostlarına də kokainin dadına baxmağı təklif etmişdir. Hal­buki, sonralar Freyd bu maddəyə qarşı olan düşkünlüyündən peş­­mançılıq çəkmiş və ondan imtina etmişdir.

Freyd həm yaşadığı dövrdə, həm də ölümündən sonra başqa heç bir psixoloq və ya psixiatrın tənqid olunmadığı qədər tənqidə mə­ruz qalmışdır. Onun ən çox tənqid olunan nəzəriyyələri sırasına “Edip kompleksi”, seksual və seksist nəzəriyyələri, şüuraltı nəzə­riy­yələr daxildir. Freydin doğma qızı Anna Freyd onun işini davam et­dir­miş, lakin o da atasının bəzi düşüncələrini tam olaraq qəbul et­məyib, onları bir qədər dəyişməyə cəhd göstərmişdir. 1920-ci illər­də Otto Rank, Sandor Ferenczi və Wilhelm Reich, 1930-cu illərdə isə Karen Horney, Erich Fromm və Harry Sullivan kimi alimlər Freydin bir çox düşüncələrinə və nəzəriyyələrinə etirazlarını göstərmişlər. Erik Erikson isə Freydin psixoseksual inkişaf mərhələlərini bir qə­dər dəyişdirərək və genişləndirərək onu bütün insan həyatını əhatə edən daha qəliz psixososial inkişaf mərhələləri nəzəriyyəsi ilə əvəz etmişdir. Jung isə yeni psixoanaliz məktəbini qurub, ona da­ha mənəvi bünövrə qoymuşdur.

Ümumiyyətlə, Ziqmund Freydin psixoanaliz nəzəriyyəsinin çox sadə olması, yəni insan əqli kimi çətin və mürəkkəb bir anlayışın izahı üçün yetərli ol­ma­ması da tənqidə məruz qalmışdır. Lakin bu və ya saysız-hesabsız digər tənqidlərə baxmayaraq Avstriya psixiatriya məktəbinin və psixoanalizin ba­ni­si olan Ziqmund Freyd XX əsrin ən nüfuzlu psixologiya nə­zə­­riyyəçisi sayılır. Bundan əlavə, Freydin XX əsr elmi, fəlsəfi, ədəbi və dini baxış və nəzəriyyələrdə, ümumiyyətlə mədəniyyətdə yeri danılmazdır. Freydin bir çox nəzəriyyələri, xüsusilə də “Edip kompleksi” nəzəriyyəsi incəsənət, ədəbiyyat və ictimai düşüncəyə böyük təsir göstərmişdir. Image

About these ads

Author: psychologistinbaku

Psychologist working in Baku, Azerbaijan. Received my MSc degree in Cognitive Neuroscience from University of York in 2008. I currently work as head of Psychological Counseling and Psychotherapy Center at Khazar University Interested in all that amazes!

One thought on “Ziqmund Freyd – Bildiklərimiz və bilmədiklərimiz.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.